Xəbərlər » DYP sürücülərdən qanunsuz cərimə tələb edir

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşın cəlbetmə müddəti keçmiş inzibati protoklollarını ləğv etməkdən imtina edir. Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinin (İnzibati məsuliyyətə cəlb etmə müddətləri) 2-ci bəndinə əsasən, davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilər. Qanunda bu qədər açıq şəkildə göstərilməsinə baxmayaraq, DYP müxtəlif bəhanələrlə protkolları ləğv etmək istəmir. 

Qeyd edək ki, bir müddət əvvəl Saatlı rayon sakini Akif Əliyev “Bizim Yol”a müraciət edərək, avtomobilinin postda saxlanıldığını, avtomobilinin qanunsuz olaraq əlindən alındığını bildirmişdi. “İyulun 29-da Baş etibarnamə ilə idarə etdiyim 10 VZ 602 dövlət nömrə nişanlı “Mercedes 190” markalı avtomobillə Saatlıdan Bakıya sərnişin apararkən Qaradağ postunda yol polisi tərəfindən saxlanıldım. Postun əməkdaşları bildirdilər ki, ki, maşın üzərində həbs var və "Əlavə məlumat üçün Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edin”. Maşını zorla əlimdən alaraq, cərimə meydançasına apardılar. BDYPİ-də isə məlum oldu ki, 2014-cü ilin iyul ayından 2015-ci ilin may ayınadək 38 dəfə radara düşmüşəm. Halbuki bu haqda mənə heç bir bildiriş gəlməyib. İndiyədək mənə yazılan inzibati protokol yazılması olduğu halda, dərhal ödəmişm ki, üstünə faiz gəlməsin. Sonuncu dəfə gələn radar bildirişi 20 manatlıq olub. Onu da tez ödədiyimdən 18 manat cərimə olunub. Ancaq sözügedən 38 protokolla bağlı mənə heç bir bildiriş və ya xəbərdarlıq olmayıb. Yalnız avqust ayının 8-də Saatlı rayon Yol Polisi Bölməsi ilə özüm əlaqə saxladıqda mənə bildirildi ki, bu qədər radar və cəriməm var” – deyə A.Əliyev bildirmişdi. 

Vətəndaşın bu müraciəti qəzetimizdə dərc olunandan sonra məsələ Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülmüş və vətəndaşın problemi araşdırılmışdı. 

Saatlı rayon Yol Polisi Bölməsinin rəisi Seymur Əsədov “Bizim Yol”a açıqlamasında bildirmişdi ki, bu işlə bağlı BDYPİ-nin rəisi Ramiz Zeynalovun müavini ona zəng edib: “Mən ona da məruzə etdim ki, həmin radar protokolları ilə bağlı bizim bölməyə məlumat daxil olmayıb”.

İnzibati xətanın cəlbetmə müddətinin keçməsi ilə əlaqədar protokolların ləğv edilməsi və cərimələrin silinməsi ilə bağlı suala cavab olaraq DYP rəisi S.Əsədov bildirmişdi ki, əgər sürücü bir il ərzində aşkarlanmazsa, bu halda cəlbetmə müddəti başa çatır.

Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, İXM-də davam edən inzibati xətalara görə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci iki ay keçənədək verilə bilməsi nəzərdə tutulub. 

Qanunun bu maddəsini əsas tutan vətəndaş A.Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalova, həmçinin Saatlı rayon Yol Polisi bölməsinin rəisi Seymur Əsədova rəsmi ərizə ilə müaraciət edərək, qanunun tələbinə uyğun olaraq, cəlbetmə müddəti keçmiş cərimələrin silinməsini xahiş edib. 

A.Əliyev bildirir ki, bu ərizədən sonra onlarla Baş Dövlət Yol Polisi İdarəsinin vəzifəli şəxsi Ceyhun Əliyev qəbul edib:

“14 avqust tarixində idarənin 321-ci otağında bizi qəbul edən C.Əliyev bildirdi ki, son iki ayın inzibati xəta ilə bağlı ptorkolları üzrə 135 manat cərimə ödəməlisiniz. O, qeyd etdi ki, digər xətaların isə qanunvricilikdə nəzərdə tutlumuş cəlbetmə müddəti keçdiyi üçün həmin protokollar ləğv edilməsi üçün rəhbərliyə təqdim edilib. Ancaq bununla bağlı bizə heç bir sənəd təqdim edilmədi. Həmçinin rəsmi surətdə poçt vasitəsilə göndərdiyim ərizəyə də cavab verilməyib” – deyə şikayətçi bildirir.

A.Əliyev əlavə edir ki, bundan sonra onun avtomobilini cərimə meydanmasından buraxıblar. “19 avqust tarixində məni yenidən Qaradağ DYP postunda, avqustun 20-də isə Nəvahi DYP postunda saxlayaraq, 1800 manat ödənilməmiş cərimələrinin olduğunu bildiriblər. Həmin cərimələrlə bağlı protkolların ləğv edilməsi ilə bağlı müraciət etdiyini və silindiyini desə də, postda bildirilib ki, elektron sistemdə  heç biri ləğvetmə əməliyaytı aparılmayıb”.

Yenidən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edən Akif Əliyevin yenidən Ceyhun Əliyev qəbul edib. O, bildirib ki, sözügedən protokolların cəlbetmə müddəti keçdiyi üçün ləğv edilməsi üçün rəisə təqdim edilsə də, rəis hələ də təsdiqləməyib.

Akif Əliyev hesab edir ki, inzibati protokllarla bağlı vaxtında xəbərdarlıq edilməməsi məqsədli şəkildə edilib. “Çünki mənə bildirirlər ki, cərimələr ödənilməklə yanaşı, sürücülük hüququndan məhrum ediləcəyəm. Yəni qanunsuz olaraq məndən cəlbetmə müddəti keçmiş cərimələri almaq istəmələri ilə yanaşı, sürücülük vəsiqəmi saxlamaq üçşün də əlavə pul istəyiblər” - deyən A.Əliyev vurğuladı ki, cəlbetmə müddəti keçmiş cərimələr ləğv edilməzsə, məhkəmə yolu ilə ilə hüquqlarının bərpasına nail olacaq. 

Məsələ ilə bağlı münasibət öyrənmək istəsək də, DYP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məzuniyyətdə olduğu üçün əlaqə saxlamaq mümkün olmadı. 

Əziz oxucular, siz də hüquqlarınızı bilin və inzibati xəta ilə bağlı cəlbetmə müddəti keçdikdən sonra protokolların ləğv edilməsini tələb edin. Bundan imtina edildikdə isə məhkəmə yolu ilə hüquqlarınızı bərpa edə bilərsiniz. Əgər belə bir halla rastlaşacağınız təqdirdə, “Bizim Yol”un redaksiyasına da müraciət edə bilərsiniz. 

 

/ azadxeber.az /

 

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat