Xəbərlər » YH zamanı piyadaya xəsarət yetirilibsə, qanun bütün hallarda sürücünü günahkar sayır

    Mədəniyyət hər yerdə lazımdır. Evin içində də, bayırında da. Bu gün ən böyük mədəniyyətsizlik bayırda - küçələrdədir. Həm sürücülərdə, həm də piyadalarda. Sürücülər haqqında daim yazılır, deyilir. Piyadalar haqqında isə susmağa üstünlük veririk. Hərçənd ki, piyadaların mədəniyyətsizliyi heç də sürücülərdən az və təhlükəsiz deyil. Bu barədə qanunvericilikdə də boşluq var. Yol hərəkəti zamanı piyadaya xəsarət yetirilibsə qanun bütün hallarda sürücünü günahkar sayır. Sürücünün məsuliyyətdən azad olunması üçün sübut edilməlidir ki, sürücü avto qəzanın qarşısını almaq iqtidarında deyildi. Bu isə əksər hallarda, piyadaların qaydaları pozduğundan mümkünsüz olur və DYP işçilərinin, istintaqçıların vəzifələrindən sui-istifadə etməsinə şərait yaradır. Hamı bütün vasitələrdən istifadə edib ekspertiza rəyinə təsir etmək istəyir və əksər hallarda buna nail olur.
Bunun qarşısını almaq üçün piyada qaydanı pozub, yolun qadağan olunmuş hissəsində hərəkət edirsə sürücü məsuliyyətdən azad edilməlidir. Bu qayda, demək olar, bütün dünyada mövcuddur. Bizdə isə bir çox məqamlarda normal yeraltı, yerüstü keçidlər olduğu halda belə piyadalar istədikləri yerdə hərəkət edirlər. Belə "antilop"ların magistral yollarda arakəsmələri necə keçdiklərini tez-tez görürük. Bəzən isə piyadalar qadağan olan yerdə hərəkət etdiyini bilə-bilə yolu, necə deyərlər, nazlana-nazlana yolu keçirlər və bu, bir çox hallarda bədbəxt hadisələrə səbəb olur. Xüsusən, diqqəti çəkən məqam piyadaların işıqforun qırmızı yaxud yaşıl işığının tələbinə məhəl qoymadan yol keçmələridir. Bunun üçün DYP işçiləri tinlərdə gizlənib sürücüləri güdməkdənsə, əsas küçələrdə piyadaların qayda pozuntularının qarşısını almalıdırlar. Bu sahədə, bütün digər sahələrdə olduğu kimi maarifləndirmə işləri də yox dərəcəsindədir.


   P.S. Sosial şəbəkə iştirakçılarından xahiş edirəm ki, sürücülərin, DYP işçilərinin yol verdikləri qanun pozuntularını qeydə alıb, sosial şəbəkələrdə yaydıqları kimi, piyadaların da qanunsuzluqlarının sosial şəbəkələrdə yayılmasına çalışsınlar.

 

Aslan İsmayılov

 

Xəbəri paylaş

Giriş

Şifrəni unutduz?

Qeydiyyat